26.12.2017

Tovuz rayon Təhsil Şöbəsində Təltifetmə tədbiri keçirildi.

    21 dekabr 2017-ci il tarixdə Tovuz şəhəri A.S. Puşkin adına tam orta məktəbində rayonun ümumtəhsil məktəblərindən 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibəti ilə dövlət təltifi almış, eləcə də bu və ya digər tədbirlərdə iştirak etmiş, qalib olmuş müəllim və şagirdlərin təltiflərinin təqdimatı tədbiri keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə xanım Hüseynova “Azərbaycan respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması və onların fəaliyyətinin stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlərin keçirildiyini, keçirilən tədbirlərin təhsilin keyfiyyətinin yüksəlməsində,müəllimlərin daha əzmlə çalışmalarında müstəsna rolunun olduğunu qeyd etmişdir.

     Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.10.2017-ci il tarixli K-560/1 nömrəli əmri ilə rayonun 4 nəfər görkəmli müəllimlərinin əməyinə yüksək qiymət verildiyini, Mehtiyev Qasımi Məcid oğlunun(E.Bayramov adına Əyyublu kənd tam orta məktəbinin riyaziyyat müəllimi) “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Abbasov Abbas İmran oğlunun (E.Bayramov adına Əyyublu kənd tam orta məktəbinin riyaziyyat müəllimi),Muradov Namiq Nadir oğlunun (M.Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin tarix müəllimi, Tarix üzrə fəlsəfə doktoru), Ələkbərova Gülnar Camal qızının (Qovlar şəhər inteqrasiya tipli gimnaziyanın coğrafiya müəllimi) “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edildiyini bildirmişdir.

    Təqdimatda 2016-2017-ci dərs ilində XI sinifləri Qızıl medalla bitirmişvə hal-hazırda ğlkənin ən nüfuzlu təhsil ocaqlarında təhsil alan, İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin məzunu Sarızadə Gülnaz Ayaz qızının (Prezident yanında İdarəçilik Akademiyası), F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbinin məzunu Əhmədli Kənan Fazil oğlunun(Bakı Ali Neft Məktəbi), Rusiya Federasiyasının ölkəmizdəki Səfirliyinin xətti ilə rus dili və ədəbiyyatı fənnindən keçirilmiş Olimpiadanın nəticələrinə görə Səfirliyin “Təşəkkürnaməsi” ilə təltif olunmuş müəllimlərin, 6 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi,”İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanın İntellektual Birincisi” layihəsinin 2-ci mövsümünün Gəncə-Qazax regionu üzrə qalibi olmuş, N.Tusi adına Tovuz şəhər təbiət və texniki təmayüllü məktəb-liseyin komandası üzvlərinin təltifləri təqdim edilmişdir.

    Tədbirdə rayon təhsil təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər,şagirdlər olmaqla cəmi 232 nəfər iştirak etmişdir.